EAS-da “Açıq qapı” tədbiri keçirildi

Sentyabrın 15-də Avropa Azərbaycan Məktəbinin (EAS) ibtidai tədris binasında “Açıq qapı” tədbiri keçirilib. Saat 17:30-da başlayan tədbirdə ilk olaraq I və II sinif, ardından III və IV sinif şagirdlərinin valideynləri iştirak ediblər. 

EAS-ın ibtidai təhsil üzrə direktoru Renata Novruzova valideynləri salamlayaraq, yeni tədris mövsümü, qarşıda duran planlar, baş verən dəyişikliklər, tətbiq olunan yeniliklər haqda ətraflı məlumat verdi, onların suallarını cavablandırdı. Renata xanım uğur qazanmaq yolunda valideynlərlə məktəbin birgə fəaliyyətinin, səmərəli əməkdaşlığının vacibliyini vurğuladı. 

Ardından valideynlər övladlarının təhsil aldıqları siniflərə yollanaraq müəllimlərlə görüşdülər. Valideynlər aparılan fikir mübadiləsi zamanı onları maraqlandıran suallara cavab aldılar.