Türkiyə Uzay Kampı

Hörmətli valideynlər!

Böyük məmnuniyyət hissi ilə bildiririk ki, İsveçrə, İngiltərə, İspaniya və Azərbaycanda təşkil edilmiş və uğurla nəticələnən yay düşərgələrinin davamı olaraq Avropa Azərbaycan Məktəbi yaz tətili müddətində ( 18-23 Mart, 2018) şagirdlər üçün növbəti düşərgəni təşkil edir. Bu dəfəki düşərgə proqramı Türkiyənin İzmir şəhərində yerləşən “Türkiyə Uzay Kampı” adlanır. Bu öyrədici proqramda və səfərdə III-IX sinif şagirdləri iştirak edə biləcəklər.

Elmi və kosmik mərkəz kimi məşhur olan “Uzay Kampı Türkiyə” proqramı kosmik araşdırmaçılar, riyaziyyat və yeni texnologiyalar sahəsində karyera qurmaq istəyən gəncləri və şagirdləri motivasiya edir. Mərkəzin ayrı-ayrı güşələrində kosmosla bağlı istər uşaqlar, istərsə də gənclər üçün interaktiv və dinamik simulyatorlar mövcuddur. Bu simulyatorlardan istifadə etməklə, şagirdlər kosmosda yaşama və açıq fəzada çalışma hissini əyləncəli bir mühitdə təcrübədən keçirmək imkanına sahib olacaqlar.

“Uzay Kampı Türkiyə” İzmir şəhərində, müasir sənaye mərkəzi olan Ege Sərbəst bölgəsində, ESBAS tərəfindən idarə olunur. “Uzay Kampı Türkiyə” dünyada üçüncü, Mərkəzi, Orta və Qərbi Asiyada, habelə Şərqi Avropada fəaliyyət göstərən yeganə bu cür mərkəzdir. “Uzay Kampı Türkiyə”yə Beynəlxalq Menderes Hava Limanından 5 dəqiqəyə, şəhər mərkəzindən 15 dəqiqəyə çatmaq mümkündür.

Elmi məlumatlar verən “Uzay Kampı Türkiyə” bu ölkənin təhsil nazirliyi tərəfindən də tanınır. Düşərgə mərkəzi Alabamada (ABŞ) yerləşən Amerika Kosmik Elmlər Sərgi Komissiyasının lisenziyasına sahibdir və bundan başqa “Türkiyə Kamplar Dərnəyi”nin və “Avropa Beynəlxalq Məktəblər Şurası”nın üzvüdür.

Təklif edilən imkanları dəyərləndirməyinizi istərdik. Bu cür elmi və qeyri-adi proqramda iştirak etməklə övladlarınız astronomiya, texnologiya və dəqiq elmlər üzrə bilik və bacarıqlarını inkisaf etdirmək imkanına malik olacaqlar.Şagirdlər EAS-ın işçi heyətinin müşayiəti ilə proqramda iştirak edəcəklər və düsərgədə 24 saat tam nəzarətlə təmin olunacaqlar.

Əgər övladınızın bu proqramda iştirak etməsini arzulayır və ya proqram haqda daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, Sizi bazar ertəsi, 22 yanvar 2018-ci il tarixdə, saat 16:00-da orta məktəb binasında təşkil olunan təqdimata dəvət edirik. Qeyd etmək istərdik ki, son qeydiyyat tarixi 31 yanvar, 2018-ci ildir.

Proqramın təşkili və idarə olunması üzrə məsul şəxs Xaricdə Ali Təhsil üzrə məsləhətçi Lalə Rüstəmovadır. Ətraflı məlumat və qeydiyyatla bağlı onunla əlaqə saxlaya bilərsiniz.
Əlaqə telefonları:
(+994 50) 417 39 65
(+99412) 499-89-35/36/37,
daxili nöm. 1324
E-mail: lala.rustamova@eas.az

Türkiyə Uzay Kampı 01

Türkiyə Uzay Kampı 02