Təsisçi

Tale Heydərov

Tale_Heydarov

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri, "Qəbələ" idman klubunun prezidenti, Avropa Azərbaycan Məktəbinin qurucusu və Himayədarlar Şurasının Prezidenti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. 

2001-2003-cü illərdə Londonda Kolinqam Kollecində, 2003-2006-cı illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində oxumuşdur. 2006-2008-ci illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi almışdır. 

2008-ci ildə Avropa Azərbaycan Cəmiyyətini təsis etmişdir. 

AAC-nin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin gücləndirilməsi işinə dəstək verməkdir. Cəmiyyətin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris və Strazburq     (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri vardır. 

AAC-nin fəaliyyətində elm və təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Avropa Azərbaycan Məktəbi burada mühüm yer tutur. Məktəbdə müasir dünya təhsilinin ən mühüm nailiyyətlərinin Azərbaycanda tətbiqi istiqamətində geniş iş aparılır, burada yerli pedaqoji kadrlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş çoxsaylı müəllim və mütəxəssislər də şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. 

Məktəbdə şagirdlər üçün xüsusi təqaüd proqramları və aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir. Avropa Azərbaycan Məktəbi Avropa Beynəlxalq Məktəblər Şurasının (ECIS) tam hüquqlu üzvüdür. 2016-ci ildən Beynəlxalq Bakalavriatın (IB) Diplom Proqramı (DP) üzrə, habelə 2017-ci ildən İbtidai Siniflər Proqramı (PYP) üzrə tam statuslu üzvüdür. 

Təhsil sahəsində ən uğurlu layihələrdən biri də 2014-cü ildə Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkil olunmasıdır. Mərkəzin məqsədi Azərbaycanda modern, yenilikçi və mütərəqqi təhsil şəraiti yaratmağa xidmətdən ibarətdir. Mərkəz 2015-ci ilin fevralında Azərbaycanda ilk dəfə olaraq ECIS (Avropa Beynəlxalq Məktəblər Şurası / European Council of International Schools) ilə birgə ECIS Beynəlxalq Müəllim Sertifikat Proqramı (ECIS International Teacher Certificate) kursları təşkil etmişdir. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Tale Heydərov 2011-ci il iyulun 4-də Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.