Məktəb Direktorundan "Xoş gəlmisiniz" məktubu

Qari Krippin

Əziz gələcək valideynlər,

Avropa Azərbaycan Məktəbinin (EAS-ın) direktoru olaraq Sizi böyüyən və maraq doğuran məktəbimizlə tanış etməkdən məmnunluq hissi duyuram. Məktəbin müəllimləri və inzibatçıları kimi biz keçən ilki inkişafımızdan və gələcək üçün olan planlarımızdan məmnunuq. Bu kitabça və məktəbimizin veb səhifəsi bütün sinif səviyyələrində akademik və fakultativ fəaliyyətlərimizə dair ətraflı məlumat vermək üçün hazırlanmışdır.

Bir direktor kimi mən məktəbimizdə şagirdlər, müəllimlər və valideynlər arasında yaradılmış və onlara aşılanmış icma hissi ilə bağlı qürur hissi keçirirəm. Bununla yanaşı, mən həm tədris, həm də sosial cəhətdən hərtərəfli şagird yetişdirməyə yönəldilmiş məktəbimizin çətin, lakin maraqlı kurikulumu ilə də fəxr edirəm. Məktəbimizin hər iki təhsil bölməsində verilən təhsil şagirdlərə xaricdə və ya yerli səviyyədə ən yaxşı ali təhsil müəssisələrinə qəbul olmağa imkan verməklə, bütün dünyada mükəmməlliyinə görə tanınan Beynəlxalq Bakalavriatın və Azərbaycanın zəruri təhsil standartlarının birləşdirilməsinə əsaslanır.

2018-2019-cu dərs ilində EAS-da bir çox yeni və mühüm hadisələr baş verəcəkdir. Yeni binalar baxımından xüsusi məqsədlər üçün tikilən Erkən Təlim Mərkəzi 2018-ci ilin payızında açılacaq və mərkəz 3-5 yaşlı uşaqların ehtiyaclarına tam cavab verəcəkdir. Erkən Təlim Mərkəzində iki dildə tədris olunan zəngin proqram xüsusi nailiyyətlərimizdən biridir.

Məktəbin ibtidai təhsil bölməsində tədris olunan proqram incəsənətin tədrisi kursu və ingilis dilinin öyrənilməsi proqramlarına xüsusi diqqət verməklə IB PYP (Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı) Proqramının keyfiyyətini daha da artıracaqdır. Orta təhsil bölməsində V-VII siniflər üzrə proqramlar IB MYP (Beynəlxalq Bakalavriatın Orta Siniflər üzrə Proqramı) Proqramı modeli əsasında təkmilləşdiriləcək, VIII və IX siniflərdə isə IGCSE (Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifikat) proqramını tədris etməklə davam edəcəyik. Bu sinif səviyyəsində olan şagirdlərin incəsənət, xarici dillər, dizayn və texnologiya dərsləri üzrə seçim etmək imkanı olacaqdır. IB DP (Beynəlxalq Bakalavriatın Diplom Proqramı) Proqramında (X və XI siniflər) keçən ilin buraxılışı üzrə ən yaxşı nəticələri təkrarlamağa ümid edir və əlavə olaraq, təbiət elmləri, sosial fənlər və həmçinin, incəsənət üzrə seçim etmək baxımından yeni təklifləri də əlavə edəcəyik.

Orta təhsil bölməsində tədrisin yalnız bir istiqamətdə (beynəlxalq istiqamətdə) davam etməsi baxımından biz intensiv ingilis dili dəstəyi, öyrənmə çətinliyi olan şagirdlərə dəstək, həmçinin Azərbaycan dilini bilməyən şagirdlər üçün dil dəstəyi proqramlarını da təmin edəcəyik.

Bundan əlavə, mən müəllim heyətinin peşəkarlığını xüsusilə qeyd etmək istərdim. Şagirdlərə həqiqətən keyfiyyətli təhsil vermək üçün müvafiq təlim keçmiş beynəlxalq müəllimlər səriştəli yerli işçi heyəti ilə əl-ələ işləyirlər. Biz növbəti tədris ilindən etibarən öz fənnini ingilis dilində tədris edən bütün yerli müəllimlərin dil səviyyəsinin B2 və ya C1 səviyyəsində olmasını tələb edirik.

Akademik proqramlardan əlavə biz şagirdlərə bir çox fəaliyyətlər və klublar da təklif edirik. Oğlan və qızlar üçün idman proqramlarının sayı hər il artır və biz indi yerli səviyyədə bir çox məktəblərlə rəqabət aparırıq. Şagirdlər, həmçinin bilik Olimpiadaları, BMT Modeli proqramı və Avropa Gənclər Parlamentində də iştirak edirlər. İngilis dili üzrə həm Bakı şəhərində, həm də xaricdə yay düşərgələri təşkil olunur və biz Türkiyədəki “Space Camp” layihəsinin davam etməsinə ümid edirik.

Biz EAS-da texnologiya və kitabxana resurslarının əhəmiyyətli dərəcədə artmasına nail olmuşuq. İbtidai təhsil bölməsində “Şagird iPad proqramı” və orta təhsil bölməsində “Öz cihazınızı gətirin” təşəbbüsləri (BYOD) bunun yalnız iki mühüm nümunəsidir. Dərslərin tədrisində bu resurslardan tam istifadə etmək üçün bütün sinif səviyyələrində tədris edən müəllimlərə dəstək üzrə işçi heyəti vardır.

Sonda, icazə verin, Sizə bir daha EAS-a xoş gəlmisiniz deyim. Kurikulum üzrə Təlimat kitabçasını nəzərdən keçirdikdə, Sizdə kurikulum haqqında daha ətraflı təsəvvür yaranacaqdır. Daha ətraflı məlumat üçün mənə və ya təhsil bölmələri üzrə müdirlərdən birinə müraciət edə bilərsiniz.

Dr. Qari Krippin
Direktor

Qeydiyyatdan keç logotype1