Avropa Azərbaycan Məktəbinin missiyası qlobal iqtisadiyyatda müvəffəqiyyətlə inkişaf etməsi və öz icmasına əhəmiyyətli töhfə verməsini təmin etmək üçün hər bir şagirdə şəxsi intizam, motivasiya, təlimdə mükəmməlliyə şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli təhsil verməkdən ibarətdir.

EAS-ın missiyasına uyğun olaraq, şagirdlərə təhsil erkən yaş dövründə (5 yaş) və ibtidai təhsil (I-IV siniflər) pilləsində Azərbaycanın Milli kurikulumu ilə tədqiqat əsaslı təlimə yönəlmiş Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı standartlarını özündə birləşdirən kurikulum əsasında həyata keçirilir. Tədris və təlimi Azərbaycan və ingilis dillərində aparmaqla, şagirdlərin həm yazılı, həm də şifahi ünsiyyət bacarıqlarının əhəmiyyətli şəkildə inkişaf etdirilməsi üçün bütün səylər göstərilir.

Məşhur təhsil üzrə mütəxəssis Mary Bethune bildirmişdir: "Oxumağı öyrənəndə, bütün dünyanın qapıları mənim üzümə açıldı." Necə də doğrudur! Həmin dünyanın qapılarını bizim şagirdlərin üzünə açmaq və onlara ömür boyu öxumaq və öyrənmək həvəskarı olmağa kömək etmək məqsədilə İbtidai Təhsil Proqramında dilin və oxunun mənimsənilməsini asanlaşdırmaq üçün Read, Write, Inc. (RWI) və ingilis dili ikinci dil kimi (ESL) proqramlarının həyata keçirilməsinə başlanıldı.

Yeni proqramlardan başqa, yüksək səviyyəli peşəkar və istedadlı sinif müəllimləri, eyni zamanda müəllim köməkçiləri Azərbaycan dili, həyat bilgisi və riyaziyyat fənlərini tədris edirlər. Bu dərslərdən əlavə, şagirdlərə rus dili, təsviri incəsənət, musiqi, rəqs və fiziki tərbiyə dərsləri də tədris edilir. İngilis dili müəllimləri yalnız ingilis dili fənnini deyil, həmçinin riyaziyyat və təbiət elmləri dərslərini də sinif müəllimləri ilə birlikdə iki dildə tədris edirlər.
Şagirdlərin hərtərəfli inkişafını təmin etmək məqsədilə onlara təlimin hüdudlarını genişləndirmək üçün fəaliyyətlər təklif olunur. Bura şagirdlərin qlobal vətəndaş kimi yetişməsini təmin etmək üçün öz vətənlərinin və digər ölkələrin mədəniyyəti haqqında bilik və anlayışlarını genişləndirmək məqsədilə il boyu keçirilən xüsusi tədbirlər, dərnəklər və ekskursiyalar daxildir.