Şöbələr və fənlər

Avropa Azərbaycan Məktəbində şagirdlər bazar ertəsindən şənbə gününə qədər olmaqla həftənin 5 günü dərslərdə iştirak edirlər. Dərslər altı müxtəlif fənn sahəsindən ibarətdir:

• Dil və ədəbiyyat (Azərbaycan, ingilis və rus dilləri)
• Riyaziyyat
• Təbiət elmləri
• İctimai elmlər (Həyat bilgisi, tarix, coğrafiya, konstitusiya, iqtisadiyyat, biznesin idarə olunması)
• Texnologiya (Kompüter və informatika)
• Təsviri incəsənət (Musiqi və vizual incəsənət)
• Bədən tərbiyəsi (o cümlədən, Orta təhsil pilləsində Hərbi hazırlıq)
• Kitabxana və Media

Avropa Azərbaycan Məktəbində şagirdlərə Sosial və Emosional Bacarıqlar, erkən Oxu və Yazı bacarıqları və Sayma bacarıqlarının öyrədilməsinə xüsusi diqqət yetirilir. Bu proqram üzrə təlim Beynəlxalq Bakalavriat Təşkilatının İbtidai təhsil pilləsi üzrə proqramına daxil edilmiş Fənlərarası Tədqiqat Mövzuları ətrafında təşkil edilir. Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat Təşkilatının bu proqramını həyata keçirən namizədlər sırasındadır (www.ibo.org/pyp səhifəsinə baxın).

Avropa Azərbaycan Məktəbində 5 yaşı tamam olan şagirdlər Azərbaycan və ingilis dillərində oxumağı və yazmağı bacarırlar. Erkən Təlim Mərkəzinin əhatə etdiyi təhsil illərində şagirdlərdə Oxu-Yazı və Sayma bacarıqları üzrə möhkəm baza formalaşır. Şagirdlər ətraflarındakı aləmə hər şeyi öyrənmək həvəsi ilə reaksiya vermək üçün anlayış və biliyə malik olur, eyni zamanda, problemlərin həlli yollarını tapacaqlarına inanırlar. Onlar həvəslə öyrənirlər və EAS-ın ibtidai təhsil pilləsi üzrə daha rəsmiləşdirilmiş proqramına hazırdırlar.

1-4-cü sinifləri əhatə edən ibtidai təhsil pilləsi üzrə şagirdlərə hər gün ibtidai təhsil üzrə təlim keçmiş sinif rəhbəri tərəfindən əsas fənlər (riyaziyyat, həyat bilgisi, dil) öyrədilir. Rus dili, təsviri incəsənət, musiqi və dədən tərbiyəsi üzrə müəllimlər həftədə iki dəfə dərs keçirlər. Şagirdlər həftədə bir dəfə kitabxanaya gedir və burada onlara kitabxana və media üzrə əməkdaşlar tərəfindən kitabxana və araşdırma üzrə bacarıqlar öyrədilir. Dərslər Azərbaycanın Milli Kurikulum standartları və bir sıra İngilis dilli ölkələrin (ABŞ, İngiltərə, Avstraliya, Yeni Zelandiya) beynəlxalq standartları əsasında təşkil olunur. İbtidai təhsil proqramı üzrə kurikulum çərçivəsi şagirdlərə dərslərin və təcrübələrin planlaşdırılmasında istiqamət verir. Bizim məqsədlərimiz bunlardır:
• Dil (İngilis/Azərbaycan dilləri, oxu və yazı), riyaziyyat və həyat bilgisi kimi əsas fənlər üzrə möhkəm təməlin yaradılması.
• Təsviri incəsənət, musiqi, bədən tərbiyəsi və texnologiya daxil olmaqla fənlərarası tədqiqat mövzuları ilə əlaqələndirilən xüsusi dərslər vasitəsilə kurikulumun təkmilləşdirilməsi.
• Şagird profili vasitəsilə şagirdlərin öz beynəlxalq təfəkkürünü inkişaf etdirməsinə şərait yaradılması və tədbir görmək imkanının verilməsi.
• Şagirdlərin fərdi intellektual, fiziki, emosional və sosial ehtiyaclarının qarşılanması.

 Avropa Azərbaycan Məktəbində orta təhsil pilləsi üzrə təhsil alan 5-11-ci sinif şagirdləri gündəlik olaraq səkkiz dərsdə iştirak edirlər. Bəzi fənlər hər gün, bəziləri isə həftə ərzində 2, 3 və ya 4 dəfə keçirilir. Fənlər mütəxəssislər tərəfindən tədris olunur.

Tədris prosesi Azərbaycanın Milli Kurikulum Standartları, həmçinin Beynəlxalq Bakalavriat Diplom Proqramını (BBDP) davam etdirmək istəyən 10-11-ci sinif şagirdlərinə kömək məqsədilə əlavə edilmiş Beynəlxalq Kurikulum Standartları əsasında aparılır.

Azərbaycan dili və ədəbiyyatı, həmçinin Azərbaycan tarixi, konstitusiya və hərbi hazırlıq dərsləri Azərbaycan dilində keçirilir. Bu fənlər şagirdlərə Azərbaycanın ədəbiyyatı və tarixi, ölkənin insanları, coğrafiyası və iqtisadiyatını daha yaxından tanımaları məqsədilə tədris olunur. Şagirdlər əvvəlki təcrübələri müqayisə və təhlil edir, daha sonra onların ölkənin gələcəyinə və onun dünya iqtisadiyyatındakı yerinə necə təsir etdiyi barədə müzakirə aparırlar. Bu fənn sahələri üzrə keçirilən dərslər Azərbaycanın gələcək nəsillərinə həm idarəetmə, həm də biznes sahəsində rəhbərlik edəcək və onları istiqamətləndirəcək yüksək təhsilli Azərbaycan vətəndaşlarının hazırlanması məqsədi daşıyır. Beynəlxalq Bakalavriat Diplom Proqramını seçmiş şagirdlərin həmçinin, 3-cü qrupda ictimai elmlər üzrə təklif olunan biznes və idarəetmə dərsini seçmək imkanı var.

Təbiət elmləri (biologiya, kimya və fizika) və Riyaziyyat fənninin tədrisi şagirdlərin ingilis dilində bilik səviyyəsindən asılı olaraq, Azərbaycan və ingilis dillərində təklif olunur. Yenicə inşa edilmiş yüksək texniki avadanlıqlara malik laboratoriyalar xüsusilə, biologiya, kimya və fizika fənləri üçün nəzərdə tutulmuşdur. Riyaziyyat/iqtisadiyyat, riyaziyyat/texnologiya və təbiət elmləri üzrə universitetlərə daxil olmaq istəyən şagirdlər üçün ixtisas kursları üzrə geniş siniflər mövcuddur. Beynəlxalq Bakalavriat Diplom Proqramını seçmiş 10-11-ci sinif şagirdlərinə İnformatika fənni 4-cü qrupda təklif olunur.

İngilis dili dərsləri gündəlik tədris olunur və şagirdlər ingilis dilində pedaqoji səviyyədə oxumaq, yazmaq və danışmaq bacarıqları öyrədilir. Şagirdlərin ingilis dilində bilik səviyyəsini müəyyən etmək və qiymətləndirmək üçün biz xarici dil üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün Ümumavropa Meyarlarından (http://www.cambridgeenglish.org/cefr/) istifadə edirik. Şagirdlər həmçinin, müxtəlif ədəbi janrlarda klassik və müasir müəlliflərin əsərlərini əhatə edən ingilis ədəbiyyatını da öyrənirlər.

Rus dili 5-9-cu siniflərdə xarici dil kimi həftədə 2 dəfə keçirilir. Şagirdlər rus dilinin qrammatikası, rus ədəbiyyat və mədəniyyətini öyrənirlər. Beynəlxalq Bakalavriat Diplom Proqramını seçən şagirdlərə rus dilinin tədrisi İkinci Dil Qrupu kimi Başlanğıc səviyyədə təklif olunur.

Orta təhsil pilləsinin 5-9-cu siniflərdə oxuyan şagirdlərə hər həftə musiqi və vizual İncəsənət dərsləri keçirilir. İlboyu keçirilən xüsusi festivallar və bayram tədbirləri zamanı musiqi sahəsində ifalar və incəsənət işlərinin nümayişi şagirdlərə məktəb ictimaiyyəti ilə, həmçinin məktəb xaricində öz istedadlarını bölüşmək imkanı verir.

Texniki avadanlıqlar Avropa Azərbaycan Məktəbində bütün fənn sahələri üzrə kurikuluma daxil edilmişdir. Məktəbdə müasir kompüter laboratoriyası və iPadlər, planşetlər və MakBook-ardan ibarət çoxsaylı mobil laboratoriya avadanlıqları mövcuddur. Şagird və müəllimlər təlim prosesində bir-biri ilə əlaqə saxlamaq, araşdırma aparmaq, məlumat vermək və əməkdaşlıq etmək, həmçinin "rəqəmsal vətəndaşlıq" modelinin yaradılması məqsədilə texniki avadanlıqlardan istifadə edirlər.

 

Aşağıdakı cədvəl 9-11-ci sinif şagirdləri üçün dərslər üzrə seçim proqramını əks etdirir:

Fənn Həftə ərzində dərs saatlarının sayı
9-cu sinif üzrə komponentlər 10-11-ci siniflərdə test hazırlığı proqramları
Humanitar fənlər Riyaz/ iqtis. Riyaz/ texn. Təbiət elmləri
Azərbaycan dili 6 6 6 5 6
Azərbaycan ədəbiyyatı 0 6 1 1 1
İngilis dili 8 8 8 8 4
Rus dili 2 0 0 0 0
Riyaziyyat 6 6 10 10 6
İnformatika 1 0 0 0 0
Azərbaycan tarixi 3 5 5 1 1
Ümumi tarix 1 5 1 1 1
İqtisadiyyat 0 0 1 0 0
Coğrafiya 2 1 5 1 1
Kimya 2 2 1 5 6
Biologiya 2 2 1 1 7
Fizika 3 2 1 7 7
Hərbi hazırlıq 0 1 1 1 1
Bədən tərbiyəsi 2 2 2 2 2
İnsan və cəmiyyət 1 1 1 1 1
Təsviri incəsənət 1 0 0 0 0
CƏMİ 40 44 44 44 44

Beynəlxalq Bakalavriat Diplomu üçün namizədlər 6 fənn sahəsində kurs işini bitirməli və imtahandan keçməlidirlər. Bu seçilmiş kurslar 10-11-ci siniflərdə iki il müddətinə ardıcıl olaraq öyrənilir.

Fənn sahəsi Avropa Azərbaycan Məktəbində təklif olunan seçimlər
1-ci Qrup: Dil və Ədəbiyyatın öyrənilməsi · Azərbaycan dili və ədəbiyyatı · İngilis dili və ədəbiyyatı A
2-ci Qrup: Dilin mənimsənilməsi · İngilis dili B · rus dili B (Standart)
3-cü Qrup: Fərdlər və Cəmiyyətlər · Biznes və idarəetmə · Azərbaycan dilində ictimai elmlər
4-cü Qrup: Təbiət elmləri · Biologiya · kimya · fizika · informatika
5-ci Qrup: Riyaziyyat · Riyaziyyat (Standart)
6-cı Qrup: Seçimə görə əlavə fənlər · 2, 3 və ya 4-cü qrup fənləri üzrə əlavə qrup

Şagirdlər bu qruplardan hər birindən bir fənn kursu seçməlidirlər. Şagirdlər altı kursdan üçünü daha yüksək səviyyədə, qalan kursları isə standart səviyyədə bitirməlidir. Beynəlxalq Bakalavriat Diplomuna namizəd olmayan şagirdlər Diplom Proqramı kursunu seçmiş şagird kimi istənilən Beynəlxalq Bakalavriat kursu üzrə imtahan verə bilərlər.

Əlavə olaraq, Beynəlxalq Bakalavriat Təşkilatı Beynəlxalq Bakalavriat Diplomu üçün namizədlərin aşağıdakı tələbləri yerinə yetirməsini tələb edir:

Yaradıcılıq, Fəaliyyət, Xidmət (CAS) - CAS Beynəlxalq Bakalavriat Diplomunun şagirdlərə eksperimental təlim imkanları verən əsas hissəsidir. Şagirdlərin CAS-ın üç xarakterik sahəsini əks etdirən genişçeşidli fəaliyyətlər üzrə müxtəlif layihələrdə iştirak edəcəyi gözlənilir. Şagirdlərin bu fəaliyyətlərdə iştirakı minimum 150 saata bərabər olacaqdır və sənədləşdirilərək şagirdlərin CAS üzrə qovluqlarında saxlanılacaqdır.
Bilik nəzəriyyəsi (TOK) - Bu kursun Beynəlxalq Bakalavriat Diplomuna bütün namizədlərə tətbiqi tələb olunur və hər proqram ilində bir semestr ərzində keçirilməlidir. Bu kurs şagirdlərə konsepsiya və arqumentlərin təhlili vasitəsilə özlərinin və başqalarının bilikləri haqqında zəruri məlumatlara yiyələnmək imkanı və eyni zamanda, subyektiv qiymətləndirmə üçün əsas verir. Qiymətləndirmə beynəlxalq müəllimlərin qiymət şkalası əsasında qiymətləndirdiyi esse və yerli müəllimlərin qiymətləndirdiyi təqdimat əsasında aparılır.
Genişləndirilmiş esse - Şagirdlər seçdikləri mövzuda 4000 sözdən ibarət tədqiqat işi yazmalıdırlar. Essenin yazılışının müstəqil öhdəlik olmasına baxmayaraq, Beynəlxalq Bakalavriat İdarəsi tərəfindən təlimatlar, essenin müxtəlif mərhələlərdə yazılması üçün son möhlət tarixi verilir, həmçinin məsləhətçi təyin olunur.